21.02.2019

“Beynəlxalq Ana Dili Günü ”nə həsr olunmuş tədbir keçirilib

          Fevralın 20-də Quba rayon Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbində “Beynəlxalq Ana Dili Günü ”nə həsr olunmuş tədbir keçirilib.

            Tədbirdə çıxış edən məktəbin direktoru Yavuşva Simanduyev fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb. O bildirib ki, ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.

Tədbirdə iştirak edən Quba rayon Təhsil Şöbəsinin metodisti Mehparə Rüstəmova Azərbaycan dilinin qorunması və saflığı uğrunda ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycan xalqının çoxəsrlik qədim mədəniyyət ənənələrindən söz açıb. Ana dilimizin dünya dilləri arasında layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb, bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırladıb.

Sonra məktəbin şagirdləri ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirib, bayatılar oxuyub, dil haqqında şeirlər, hikmətli kəlamlar və mahnılar səsləndiriblər.


Açar sözlər: ,  ,  ,