16.09.2019

Təhsil naziri Qubanın Alekseyevka kənd tam orta məktəbinin açılışında

Sentyabrın 16-da Təhsil naziri Ceyhun Bayramov Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, məktəb kollektivi və yerli sakinlər də iştirak ediblər.

Əvvəlcə Təhsil naziri Ceyhun Bayramov  və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov tədris ilinin başlanması və yeni məktəb binasının açılışı münasibətilə iştirakçıları təbrik edib.

Təhsilin infrastrukturunun, təlim şəraitinin yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilməsindən danışan Ceyhun Bayramov  bu il ərzində Azərbaycanın müxtəlif bölgələrində 84 məktəb binasının inşasının planlaşdırıldığını, onlardan 43-nün bu gün istifadəyə verildiyini, digər 41 məktəbin isə ilin sonunadək təhvil verilməsinin nəzərdə tutulduğunu bildirib.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində görülmüş işlərə və bununla bağlı təhsildə müşahidə edilən müsbət irəliləyişlərə diqqət çəkən Təhsil naziri müəllim peşəsinin nüfuzunun, bu sahəyə marağın artırılması ilə bağlı atılan addımlardan danışıb. Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, 1 sentyabr 2019-cu il tarixindən növbəti dəfə müəllimlərin əməkhaqqının artırıldığını diqqətə çatdırıb. Təhsil naziri bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib, müəllimlərin öz vəzifələrini layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.

Təhsil naziri çıxışının sonunda məktəbliləri onlar üçün yaradılan şəraitdən maksimum faydalanmağa, layiqli vətəndaş olmağa çağıraraq bir daha onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb.

Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev də öz növbəsində rayonun təhsil uğurlarından söz açıb və yeni tədris ilində hər kəsə uğurlar arzulayıb.

Daha sonra Təhsil naziri Ceyhun Bayramov məktəbdə yaradılmış şəraitilə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Quba rayonu Alekseyevka kəndində yeni tikilən məktəb 960 şagird yerlikdir. 3 mərtəbədən ibarət olan məktəb binasının birinci mərtəbəsində qarderob, 10 sinif otağı, müəllimlər otağı, 2 fizika laboratoriyası,120 nəfərlik yeməkxana,  idman zalı, tibb otağı, 2 əmək təlimi otağı, ikinci mərtəbəsində 13  sinif otağı, kitabxana və oxu zalı,  2 kimya laboratoriyası, 450 yerlik akt zalı, informatika və hesablanma texnikası kabineti, linqafon otağı, üçüncü mərtəbəsində isə 15  sinif otağı, arxiv, 2 biologiya laboratoriyası və hərbi hazırlıq otaqları yerləşir.

Məktəb binasında videomüşahidə, yanğın əlehinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.


Açar sözlər: ,  ,