2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 və 272 nömrəli qərarlarının icrası barədə əmrlər imzalayıb.
Əmrlərə əsasən, məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılması nəzərdə tutulur. Yeni tədris ilindən məktəbəhazırlıq təhsilinə cəlb olunacaq 5 yaşlı uşaqların adlı siyahısı hazırlanacaq, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblər və müəllimlər müəyyənləşdiriləcək.
Həmçinin, məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər görüləcək, məktəbəhazırlıq təhsilini aparacaq müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlər keçiriləcək.