05.09.2016

Masallıda “ASAN İntellektual” inkişaf mərkəzi də fəaliyyətə başlayıb

Masallı rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 3-də açılış mərasimi keçirilmiş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksində “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyətə başlayıb.

“ASAN İntellektual” inkişaf mərkəzi bölgə gənclərinin asudə vaxtlarının səmərəli təşkili üçün ən müasir imkanlara sahibdir. Mərkəzdə region, ölkə və beynəlxalq miqyaslı tədbir və yarışlar təşkil ediləcək, bütün növ intellektual oyunların təşkili, gənclərin intellektual inkişafı, savad və dünyagörüşlərinin artırılması dəstəklənəcək. Həmçinin, gənclərin karyera qurmaları üçün onlara lazım olan bilik və bacarıqların aşılanması diqqət mərkəzində saxlanılacaq.

Mərkəzdə İntellektual oyunlar klubu, Kitabxana və interaktiv oxu zalı, Karyera və treninq mərkəzi, Şahmat klubu, Debat və ritorika klubu və Uşaq yaradıcılıq dərnəklərinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

İntellektual oyunlar klubu Masallı, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik rayonlarında intellektual oyunlar (“Nə? Harada? Nə zaman?”, breyn-rinq və s.) üzrə mütəmadi regional çempionatın keçirilməsi, məktəb liqaları, regional və respublika miqyaslı müxtəlif turnirlərin (Azərbaycan çempionatı və Azərbaycan Kuboku) təşkil edilməsi ilə məşğul olacaq.

Kitabxana və interaktiv oxu zalı müxtəlif dillərdə ən yeni kitablar və ən müasir tələblərə cavab verən oxu zalı ilə bölgə əhalisinə xidmət göstərir. Eyni zamanda, kitabxanada klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin xüsusi elektron kitab formatına salınması konsepsiyasına start verilməsi nəzərdə tutulub. Kitabxanada məşhur yazıçı və şairlərlə görüşlərin təşkili və yeni kitabların təqdimat mərasimlərinin keçirilməsi də mümkündür.

Karyera və treninq mərkəzində öyrədənlər üçün müxtəlif mövzularda mütəmadi kurs və treninqlərin təşkil edilməsi (İT, rus və ingilis dilləri, mühasibat və s.), iri şirkət nümayəndələrinin iştirakı ilə “karyera günlərinin” keçirilməsi və gənclərə müxtəlif sahələrdə praktiki biliklərin verilməsi planlaşdırılır. Mərkəz eyni zamanda, xaricdən dəvət edilmiş mütəxəssislərin mühazirələri və bu kimi digər maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə məşğul olacaqdır. Karyera mərkəzində gənclərə peşə seçimi, karyera planlaşdırılması ilə bağlı peşəkar tövsiyələrin verilməsi də həyata keçiriləcəkdir.

Şahmat klubunun əsas məqsədi gənc istedadlı şahmatçıların üzə çıxarılması, onların inkişafına dəstək göstərilməsi və regionda şahmat oyununun populyarlaşdırılmasıdır. Bu məqsədlə, mütəmadi olaraq gənc şahmatçıların blits-turnirlərinin, yoldaşlıq oyunlarının təşkil edilməsi nəzərdə tutulur. Bundan əlavə, şahmat üzrə rayon, bölgə və respublika birinciliklərinin keçirilməsi də planlaşdırılır.

Uşaq yaradıcılıq dərnəkləri bölməsində Təsviri incəsənət, Tətbiqi incəsənət, Diyarşünaslıq, Ekoloji dərnək və Toxuma dərnəkləri fəaliyyət göstərəcək.

Debat və ritorika klubunun fəaliyyətinin əsas məqsədi gənclərdə nitq mədəniyyətini inkişaf etdirmək, müxtəlif mövzularda sərbəst müzakirələr aparmaq, onlara təqdimat bacarıqları və irihəcmli məlumatlarla iş vərdişləri aşılamaqdır. Proqram gənclərin maarifləndirilməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Proqram vasitəsilə gənclərə debat metodologiyası, arqumentləşdirmə, inandırma, natiqlik sənəti, tənqidi təfəkkür, kreativ düşüncə, şəbəkələşmə, sosial aktivlik və digər bilik, bacarıq və dəyərlər aşılanacaq.


Açar sözlər: ,