06.09.2017

Təhsil işçilərinin ənənəvi konfransı keçirilib

Sentyabrın 6-da Quba rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilib.

Tədbirdən öncə Quba Rayon Təhsil Şöbəsinin əməkdaşları, qonaqlar və bir sıra təhsil işçiləri ümummilli lider Heydər Əliyevin abidəsi qarşısına gül –çiçək dəstələri qoyub, ehtiramlarını bildiriblər.

Konfrans Dövlət Himninin səslənməsi ilə başlanıb. Daha sonra Quba RTŞ-nin müdiri Loğman Müslümovun məruzəsi dinlənilib. Loğman Müslümov çıxışında 2016-2017-ci tədris ilində əldə olunan nailiyyətlərdən, təhsilin inkişafı istiqamətində görülən işlərdən söhbət açıb.

Konfransda çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Faiq Şahbazov Təhsil sahəsindəki uğurlardan, aparılan islahatlardan söhbət açaraq 2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunmasını konfrans iştirakçılarının nəzərinə çatdırıb. O, daha sonra 2016-2017-ci tədris ilini müvəffəqiyyətlə başa vurub ali məktəblərə daxil olan məzunları təbrik edərək,onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda, həmçinin 2016-2017-ci tədris ilində əldə olunan uğurlara həsr olunmuş sərgi təşkil olunub.

Sonda 2016 -2017-ci tədris ilini müvəffəqiyyətlə başa vurub ali məktəblərə qəbul zamanı 600-dən yuxarı bal toplamış məzunlara RİH tərəfindən hədiyyələr təqdim edilib.