Qubada “Nə? Harada? Nə zaman?” turniri təşkil olunub.
Rəsmi açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində imzalanan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.10.1-сi bəndinin icrasına dəstək vermək məqsədilə icra edilir. Natiq eyni zamanda 2011-ci ildən fəaliyyətə başlayan Azəbaycan Gənclər Fondunun gənclərə və gənclər təşkilatlarına göstərdiyi dəstəkdən danışıb, fondun qrant proqramları barədə məlumat verib.
Tədbirdə iştirak edən Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova, Quba İstək Liseyinin rəhbəri Elnur Gülmalıyev çıxış edərək bu kimi layihə və tədbilərin gənc nəslin təhsilə olan marağının artırılmasında, eləcə də məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.
Nə? Harada? Nə zaman? intellektual oyununun qaydaları əsasında təşkil olunan yarışda 16 komanda mübarizə aparıb. Nəticələrə əsasən Quba şəhərini təmsil edən 2 saylı təbəiət fənləri təmyüllü məktəb-liseyin şagirdlərindən ibarət “İstedadlar” komandası birinci, Zərdabi qəsəbə təmsilçiləri olan “Atom” biliciləri ikinci, Quba şəhəri 1 saylı tam orta məktəbinin “Oliqarx” komandası isə üçüncü olub.
Yarışın yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi şimal zonasında yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşki etmək, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Layihə çərçivəsində bu günə qədər şimal zonasına daxil olan Xızı, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarında yaşayan və təhsil alan yeniyetmə və gənclərin iştirakı ilə intellektual turnirlər keçirilib, ümumilikdə layihədən 300 nəfər bəhrələnib.