Quba şəhər 2 nömrəli məktəb-liseydə “Narkomaniya ümumbəşəri bəladır!” adlı tədbir keçirilib. Tədbir Quba Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.
Quba Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin aparıcı məsləhətçisi Qənbər Abdullayev çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarını məhv etməsindən ətraflı söz açıb.
Rayonun təhsil müəssisələrinin psixoloqlarının ,tərbiyə işləri üzrə direktor müavinlərinin, sinif rəhbərlərinin iştirak etdiyi tədbirdə narkomaniya və psixotrop maddələrin yaratdığı probləmlərdən və fəsadlardan geniş bəhs edilib. Quba Rayon İcra hakimiyyətinin məsləhətçisi Q.Abdullayev bildirib ki, narkomaniyanın qarşısını almaq üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı maarifləndirici tədbirlər keçirilməlidirlər. Narkomaniyaya gənclərin cəlb olunması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidirlər.
Quba rayon Təhsil Şöbəsinin “Təhsil müəssisələrində tərbiyə işinin təşkili” üzrə metodisti Mehparə Rüstəmova narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin gənclərin, yeniyetmələrin həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirib. M.Rüstəmova son illər təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb, bu istiqamətdə daha səmərəli fəaliyyət üçün rayon Təhsil Şöbəsinin, müəllimlərin, məktəb psixoloqlarının, UBTR-lərin, tərbiyə işləri üzrə direktor müavinlərinin, sinif rəhbərlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Tədbirdə həmçinin,Quba təhsil Şöbəsinin metodkabinetinin direktoru Namik Hümbətov, Vladimirovka kənd tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini İlhamə Aslanova, Quba şəhər Texniki Təmayüllü liseyin psixoloqu Fatimə Qasımova çıxış ediblər.
Sonda iştirakçılara “Narkomaniyaya “yox” deyək!” adlı video çarx nümayiş olunub.