10.09.2018

Yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb

 

            Quba şəhərində yerləşən “Yaşıl Teatr”da yüksək nəticə göstərən məzunlar üçün  konsert proqramı təşkil olunub və məzunlar mükafatlandırılıb. Tədbirdə Rayon İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri, təhsil şöbəsinin işçiləri və məzunlar iştirak ediblər.

Bu il ali məktəblərə Quba rayon tam orta məktəblərinin 515 məzunu qəbul olunub. 253 nəfər 300-500 arası, 80 nəfər isə 600-dən çox bal toplayıb. Quba şəhər 1 nömrəli tam orta məktəbin məzunu Məmmədov Fərid isə 695 bal toplayıb.

Tədbirdə çıxış edən təhsil şöbəsinin müdiri Rüfət Hacıyev  qeyd edib ki, ali məktəblərə qəbul olunanların sayı ilbəil artır. Bu gün şagirdlərin vətənpərvərlik, azərbaycançılıq ruhunda milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə daha ciddi yanaşılmalı, təlim və tərbiyənin uğurları bir-birini tamamlamalıdır.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunları təbrik edərək onlara qiymətli hədiyyələr və “Tərifnamə”lər təqdim edib.


Açar sözlər: ,  ,