Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Məktəbli eruditlər" region məktəblilərinin intellekt festivalı adlı layihə çərçivəsində Quba rayonunda məktəblilərin Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə seçim turniri keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkilinə nail olmaq, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.
Daha sonra çıxış edən Quba rayon Təhsil Şöbəsinin metodisti Mehparə Rüstəmova bu kimi tədbirlərin şagirdlərin ictimai aktivliyinin artırılmasında, sosiallaşmasında, şəbəkələşməsində, eləcə də tədrisə maraq oyanmasında müstəsna əhəmiyyəti olduğunu bildirib.
Rəsmi hissədən sonra yarışa start verilib. Seçim turunda Quba şəhər məktəbliləri ilə yanaşı, Quba rayonunun İspik, Xucbala, Digah, Talabıqışlaq, Qəçrəş, Zərdabi, Dağlı, Qəcərzeyid, Qırmızı qəsəbə, Qam-qam, I Nügədi, Qaraçay Alekseyevka kənd məktəblərinin şagirdləri də iştirak edib.
Ümumilikdə 20 komanda tərkibində 120 nəfər şagirdin qatıldığı turnirdə qalib adını Zərdabi qəsəbə tam orta məktəbinin “Atom” biliciləri tutub. Şəhər 2 saylı məktəb-liseyin “İstedadlar” komandası ikinci, Texniki Təmayüllü Liseyin “Lider” komandası isə üçüncü mükafata sahib olub.
Yarışın əsasnaməsinə uyğun olaraq hər 3 komanda Quba şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb. Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.Noyabr ayının 15-dək davam edəcək layihə çərçivəsində üç rayonda – Qusar, Şabran və Quba rayonlarında şagirdlərin iştirakı ilə intellektual turnirlər keçirilib və turnirlərin ilk 3 mükafatçısı Quba şəhərində təşkil olunacaq final mərhələsində zona çempionunu müəyyən edəcək.
Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.