31.10.2018

“Məktəbli eruditlər” layihəsinin qalibi Quba məktəbliləri olub

 

 

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi Quba rayon Təlabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudovaının icra etdiyi "Məktıbli eruditlər" region məktəblilərinin intellekt festivalı adlı layihə çərçivəsində Quba rayonunda məktəblilərinin Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə final mərhələsi keçirilib.

Rəsmi hissədə çıxış edən layihə rəhbəri Nərgiz Mahmudova layihəsini dəstəklədiyinə görə Təhsil Nazirliyinə və regionda uğurla icrasına kömək göstərdiklərinə görə Quba, Qusar və Şabran rayon Təhsil Şöbələrinə münnətdarlığını bildirib. Layihə barədə məlumat verən natiq qeyd edib ki, məqsəd məktəblilərinin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkilinə nail olmaq, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

Bu məqsədlə layihə çərçivəsində Quba, Qusar və Şabran rayonlarında seçim turları keçirilib və nəticədə hər rayonda ilk 3 yeri tutan komandalar finalda iştirak etmək hüququ əldə edib..

Tədbirdə çıxış edən Quba rayon Təhsil Şöbəsinin metodisti Mehparə Rüstəmova bu kimi tədbirlərin şagirdlərin ictimai aktivliyinin artırılmasında, sosiallaşmasında, şəbəkələşməsində, eləcə də tədrisə maraq oyanmasında müstəsna əhəmiyyyəti olduğunu bildirərək layihə rəhbərinə bu ideyasını irəli sürdüyünə görə və layihəni  dəstəklədiyinə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra yarışa start verilib.

Final mərhələsində Quba şəhər 2 nömrəli məktəb-lisey, Texniki Təmayllü Lisey və Zərdabi qəsəbə tam orta məktəbinin, Qusar şəhər 1, 3 nömrəli və Balaqusar kənd tam orta məktəbinin, Şabran rayon 1, 3 və 5 nömrəli tam orta məktəblərinin şagirdləri də iştirak edib

Ümumilikdə 9 komanda tərkibində 54 nəfər şagirdin qatıldığı turnirdə qalib adını Quba şəhər 2 nömrəli məktəb-liseyin “İstedadlar” komandası tutub. Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbinin “Atom” biliciləri  ikinci, Qusar şəhər 1 nömrəli tam orta məktəbinin “Varlord” komandası isə üçüncü mükafata sahib çıxıb.

Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.


Açar sözlər: ,  ,