Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Kim sevirsə idmanı poladdan olar canı" sağlam məktəbli spartakiadası adlı layihə çərçivəsində Quba rayonunun Dağlı kənd tam orta məktəbində oğlanlar arasında voleybol turniri keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qırmızı Qəsəbə 1 nömrəli tam orta məktəbinin müəllimi Kamran Əlimərdanov layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin asudə vaxtlarının idman oyunları vasitəsilə səmərəli təşkilinə nail olmaq, gənc qızların idmana cəlbinə dəstək olmaq, eyni zamanda şagirdlər arasında sağlam həyat tərzinin təbliğinə təkan verməkdir.
Rəsmi hissədən sonra yarışa start verilib.
Barlı, Xucbala, Dağlı, Qəcər-Zeyid, Qırmızı Qəsəbə 1 nömrəli və Digah kənd tam orta məktəblərinin şagirdlərindən ibarət 6 komandanın mübarizə apardığı turnirdə yekun nəticədə Qırmızı Qəsəbə 1 nömrəli tam orta məktəbinin komandası turnirin qalibi adını qazanıb. Xucbala kənd tam orta məktəbinin komandası ikinci, Qəcər-Zeyid kənd tam orta məktəbinin komandası isə üçüncü yeri tutub.
Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.
Noyabr ayının 27-dək davam edəcək layihə çərçivəsində Qaraçay kəndində oğlanların iştirakı ilə basketbol, Püstəqasım kəndində isə qızlar və oğlanların iştirakı ilə stolüstü tennis üzrə turnrilər keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.