Quba rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində(Quba şəhər 1, 2, 3, 4, 5, 6, 7 nömrəli tam orta, Texniki təmayüllü lisey, İqriq, Qaraçay, Zizik, Dağlı, I Nügədi 1 nomrəli, II Nügədi 1, 2, 3 nömrəli, Qəşrəş, Digah, Afurca, Aşağı-Xuc, İsnovqışlar, Bağbanlı, Barlı, Zərdabi, Güləzi kənd tam orta, Çartəpə, Küpçal, Qələdüz, Məcgə Xacə ümumi orta məktəblərində) 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Belə ki, rayonun təhsil müəssisələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar “Azadlığa gedən yol”, “Biz sizinlə fəxr edirik, Şəhidlər”, “Tariximizin qan yaddaşı” və digər mövzularda toplantı, konfrans, mühazirə və “Dəyirmi masa”lar, bədii qiraət gecələri təşkil edilib.
Tədbirlərdə Quba rayon Təhsil Şöbəsinin əməkdaşları, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.
Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Qanlı Yanvar faciəsi ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”, “Azadlığa aparan yol” mövzularında rəsm və əl işlərindən ibarət sərgilər, “Şəhidlər Xiyabanı and yerimizdir” adlı inşa yazı müsabiqəsi və bədii qiraət müsabiqələri təşkil edilib.
Qeyd edək ki, təhsil müəssisələrində 20 yanvar hadisələri barədə sənədli və bədii filmlərin nümayişi, eləcə də məktəblilərin və təhsil işçilərinin Şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşləri də keçirilib.
Məktəblərin pedaqoji kollektivləri və şagirdlər Quba Şəhidlər Xiyabanını ziyarət edib, xalqımızın milli qürur günü ilə bağlı xüsusi dərslər təşkil olunub.