Fevralın 1-də Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər.
Daha sonra “Muğam Klub”da Təhsil Nazirliyinin rəhbər heyətinin iştirakı ilə gənc müəllimlərlə görüş keçirilib.
Təhsil naziri Ceyhun Bayramov müəllimləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ceyhun Bayramov gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini bildirib.
Nazir qeyd edib ki, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ceyhun Bayramov ötən il işə qəbul olunan 4100 nəfərə yaxın müəllimin 2724 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib. Ümumilikdə isə müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son 5 ildə 18 136 müəllim işə qəbul olunub. Onların kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib.
Ceyhun Bayramov diqqqətə çatdırıb ki, hazırda ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir. Onlardan 35 yaşa qədər olan müəllimlərin sayı 39 179 nəfərdir ki, bu da müəllimlərin 27 faizi deməkdir. Həmin müəllimlərdən 6099 nəfəri Bakı şəhərinin payına düşür.
Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edildiyini bildirən təhsil naziri deyib ki, 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Ötən il keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.
Gənc müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan Ceyhun Bayramov şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən danışıb. Çıxışının sonunda nazir gənc müəllimlərə Azərbaycanın sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə gənc müəllimlərdən Kürdəmir rayonu Qabil Hüseynov adına Bağman kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xalid Bayramov və Hacıqabul rayonu Talış kənd məktəbinin ibtidai sinif müəllimi Səbinə Əhmədova çıxış edərək öz fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.