04.02.2019

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirili

Fevralın 3-də ölkənin bütün şəhər və rayonlarında 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib. 

Bilik yarışında 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak ediblər.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.

Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Respublika fənn olimpiadalarında iştirak etmək üçün 32 986 şagird qeydiyyatdan keçib. Olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat (8203 nəfər), ən az şagird isə informatika (721 nəfər) fənlərindən qatılıb.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.