Quba şəhər 2 nömrəli məktəb-liseydə rayonun ümumtəhsil müəssisələrinin məktəblilərinin iştirakı ilə “Oxu Günü” keçirilib.
Tədbir Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Nurməmmədov, metodkabinetin direktoru Namik Hümbətov, aparıcı məsləhətçilər, metodistlər və digər şəxslər iştirak ediblər.
“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib.
Tədbirdə rayonun ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, şeirlər, mahnılar səsləndirilib. Təhsil Şöbəsinin əməkdaşları, qonaqlar məktəblilərin təqdimatlarını maraqla izləyib.
Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi, şagirdlərin bədii əsərlərə çəkdiyi rəsmlər, şair və yazıçıların portret rəsmləri nümayiş olunub.