Mayın 20-də Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz və Şabran rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və qabaqcıl təhsil işçiləri iştirak ediblər.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən və son illərdə əldə olunan nailiyyətlərdən danışıb. Şagirdlərin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra ardıcıl olaraq Xaçmaz, Şabran, Qusar və Quba rayonlarının təhsil şöbə müdirlərinin hesabatları dinlənilib.
Quba Rayon Təhsil Şöbəsinin müdiri R.Hacıyev öz çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24.10.2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsilin müasir dövrün tələblərinə uyğun inkişafına xüsusi diqqət yetirilməklə, müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün Quba Rayon Təhsil Şöbəsi tərəfindən əməli işlər görüldüyünü qeyd edib.
Daha sonra şöbə müdiri Azərbaycan Respublikası təhsil nazirinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri" barədə 14.08.2018-ci il tarixli F-550 nömrəli əmrinin və 15.01.2019-cu il tarixli F-18 nömrəli əmrilə təsdiq olunmuş “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planının icrası ilə bağlı hesabatı təqdim edib. Eyni zamanda R.Hacıyev Təhsil Nazirinin k-405 nömrəli əmrinə əsasən Təhsil Şöbəsinin apardığı əməli işlər barədə də danışıb.
Hesabat yığıncağının sonunda təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.