Quba rayonunun ümumi təhsil müəssisələrində 28 May - Respublika Gününə həsr olunmuş müxtəlif formatda tədbirlər həyata keçirilib.
Tədbirlərdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin türk və İslam dünyasında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət olduğu, 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikasının özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edərək dövlət müstəqilliyini yenidən bərpa etdiyini qeyd ediblər.
AXC-nin XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olaraq yaranmasının böyük tarixi hadisə olduğu bildirilib. Tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində Respublika Günü kimi qeyd olunmasında və 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri xüsusi olaraq vurğulanıb.
Tədbirlərdə şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr edilmiş şeirlər və mahnılar söyləyib, şagirdlərin rəsmlərindən ibarət rəsm sərgiləri təşkil olunub, divar qəzetlərində, fənn bülletenlərində məqalələrdə AXC-nin tarixindən bəhs olunub.