İyunun 8-də Quba "ASAN Xidmət" mərkəzinin kinoklubunda azərbaycanlı gənc, Xədicə Əliyevanın Azərbaycan Prezidenti yanında Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsində qalib olduğu "Sərhədlərin fövqündə" sənədli filminin təqdimatı olub.
Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə ərsəyə gələn sənədli filmdə Qubanın V.Məmmədsalahov adına Cimi kənd tam orta məktəbində rus dili müəllimi kimi çalışan Ağaəmi İslamovun Bakıdan gələrək ucqar kənddə çalışması, kənd həyatı, müəllimlik fəaliyyətində gördüyü işlər, qarşılaşdığı çətinliklər, buna baxmayaraq verdiyi qərarlar və digər məqamlardan bəhs olunub. Sənədli film Qubanın Cimi kəndi və kənd orta məktəbində lentə alınıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ayşad Səfərəliyev, ikinci rejissoru Orxan Kərimlidir.
Qubada keçirilən təqdimatda layihə rəhbəri Xədicə Əliyeva çıxış edərək layihənin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırıb. Layihə haqqında məlumat verən X.Əliyeva çəkiliş prosesi və məqsədi haqqında da məlumat verib və sənədli filmin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Təqdimatda Quba rayon Gənclər və İdman idarəsinin rəis müavini M.Ağayev və Quba rayon Təhsil şöbəsinin metodkabinetinin rəhbəri N.Hümmətov iştirak edərək çıxış edib və layihə rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.