17.07.2019

Qubada gənc müəllimlərlə görüş keçirilib

Təhsil Nazirliyinin nümayəndəsi Şahin Seyidzadə paytaxt, Ağcabədi, Şamaxı rayonları, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində gənc müəllimlərlə görüşüb.

3-12 iyul 2019-cu il tarixlərdə baş tutan görüşlərdə 120-yə yaxın gənc müəllim iştirak edib.O cümlədən Quba rayonunun ümumtəhsil müəssisələrinin 20 nəfər gənc müəllimi bu görüşün iştirakçısı olub.

Görüşlər zamanı gənc müəllimlərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, onun fəaliyyət istiqamətləri, gənc müəllimlərə faydası haqqında məlumat verilib, gənc müəllimlərin tanınması, onlar arasında qarışılıqlı əlaqələrin formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə həmçinin iştirakçılara gənc müəllimlər üçün təşkil etməyi planlaşdırılmış yay məktəbi haqqında məlumat verilib və onların təkliflərini dinlənilib.

“Sevindirici haldır ki, baş tutan silsilə görüşlərdə gənc müəllimlərin peşəkar səriştələrini artırmaq üçün davamlı olaraq öz üzərində çalışan, geniş dünyagörüşlü, şagirdlərin inkişafına xüsusi həssaslıq və diqqətlə yanaşan mütəxəssislər olduğunun şahidi oluruq.”Bu sözləri görüşü təşkil edən nazirlik nümayəndəsi Şahin Seyidzadə söyləyib və görüşlərdə iştirak edən bütün iştirakçılara öz təşəkkürünü bildirib.