Təhsil naziri Emin Əmrullayev 23 iyul 2021-ci il saat 16:00-da Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonların sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qeyd olunan rayonların sakinləri 12-17 iyul (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.
Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanını yaratmaqdır.
Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.
Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda, ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı yaradılacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək.
Araşdırma tələb edən müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.