12.11.2021

12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü.

Noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Quba rayon Alpan kənd tam orta məktəbində "Ali Qanunumuz" adlı "Dəyirmi masa" keçirilib.

 

Tədbirdə tarix müəllimləri Konstitusiyanın yaranması, onun maddələri, hüquqi, suveren dövlətdə yaşamağın üstünlükləri ilə bağlı çıxış edib, şagirdləri məlumatlandırıb, "Konstitusiya Günü" münasibətilə şagirdləri təbrik edib və onlara hər zaman öz hüquqlarını müdafiə etməyi tövsiyə ediblər.

 

Sonra məktəbin direktoru Mehbarə Rüstəmova Konstitusiya Gününün qəbul edilməsindən söhbət açaraq qeyd etdi ki, ötən əsrin 90-cı illərində Dövlət Müstəqilliyi haqqında konstitusiya aktını qəbul edən  Azərbaycan  suveren bir ölkə kimi Dünya Birliyinin üzvü olsa da qarşıda hüquqi və demokratik dövlət quruculuğu kimi mühüm bir vəzifə dayanırdı. Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin ilk növbədə   mükəmməl qanunlar toplusuna ehtiyacı var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi. Demokratik islahatlar yeni konstitusiyanın tezliklə qəbul olunmasını  tələb  edirdi. 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində  Müstəqil Azərbaycan Respublikasının  ilk Konstitusiyasının yaradılması ilə bağlı  məsələ gündəmə gəldi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin ilkin mətnini hazırlamağa başladı. Konstitusiya komissiyasının ilk iclasında  layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması  bir vəzifə olaraq qarşıya qoyuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin iclasda Prezident Heydər Əliyev yaranacaq yeni konstitusiyanın əsas prinsiplərini necə olacağını  bəyan etdi. Birmənalı şəkildə  demək olar ki, layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiya 1995-ci ilin noyabrın 12-də referendum, ümumxalq səsverməsi ilə qəbul edildi.


Açar sözlər: ,  ,  ,  ,