Bu gün Quba Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun Alekseyevka kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Karantin qaydalarına uyğun təşkil edilən tədbirdə Quba RTŞ-nin əməkdaşları, polis şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.
“Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edən polis polkovnik-leytenantı V.Rüstəmov gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.