08.01.2022

Quba rayonunda tələbələrin qış düşərgəsi (Winter bootcamp) təşkil ediləcək. 

5-13 fevral 2022-ci il tarixlərində Təhsil İnstitutunun təşkilatçılığı ilə Quba rayonunda tələbələrin qış düşərgəsi (Winter bootcamp) təşkil ediləcək. 

 

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

 

Düşərgədə iştirak etmək istəyən tələbələr 24 yanvar 2022-ci il tarixinədək https://anket.edu.az/link/174 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar. Test imtahanının yanvarın sonunda keçirilməsi nəzərdə tutulur.

 

Düşərgə çərçivəsində tələbələrə qeyd olunan istiqamətlərdə təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər təşkil ediləcək. Təlimlərin sonunda keçiriləcək test imtahanının nəticələrinə uyğun olaraq, ilk 3 yeri qazanan iştirakçıya qiymətli hədiyyələr və sertifikat, bütün iştirakçılara isə sertifikat təqdim olunacaq. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin, müxtəlif idman və bilik yarışları təşkil olunacaq.

 

Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və qış tətili dövründə tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.

 


Açar sözlər: ,  ,