Oktyabrın 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən regionda tətbiqi nəzərdə tutulan 3 layihənin təqdimatı keçirilib.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil idarəsinin müdiri Rüfət Hacıyev, Elm və Təhsil Nazirliyinin rəsmiləri Altun Rəcəbli və Həmid Qasımov, idarənin əməkdaşları, regionun təhsil işçiləri, valideynlər, həmçinin digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Rüfət Hacıyev təqdim olunan layihələrin həyata keçirilməsinin önəmindən danışaraq bu layihələrin tətbiqinin regionda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynayacağını bildirib.
RTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev “Ailə-icma-məktəb” layihəsinin təqdimatını edərək layihənin əsas məqsədinin məktəb-icma münasibətlərini təmzimləmək və bu iki tərəf arasında sıx, faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaqdan ibarət olduğunu diqqətə çatdırıb.
Daha sonra Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Aytən Əlimərdanova “Qonağımız müəllimdir” layihəsi barədə məlumat verib və cəmiyyətin dəyərlərinə hörmət göstərən məsuliyyət duyğusu olan, əxlaqlı, düzgün, öz şəxsiyyətinə hörmətlə yanaşan vətəndaşlar formalaşdırmağın layihənin əsas istiqamətləri olduğunu vurğulayıb.
Üçüncü - “Hər bir şagird özəldir” adlı layihəni layihənin rəhbəri həm də eyni adlı tədris vəsaitinin müəllifi olan Quba şəhəri Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin
müəllimi Kərimli-Fəridə Dostuyeva tədqim edib. Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi istedadlı şagirdlərin üzə çıxarılması və onlarla işin düzgün təşkilindən ibarətdir.
Tədbirin sonunda Elm və Təhsil Nazirliyinin rəsmisi Altun Rəcəbli çıxış edib. O, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin yarandığı gündən bəri təhsil sahəsində gördüyü işlər və yeniliklərlə fərqləndiyini, daim yenilik, keyfiyyət və inkişaf axtarışında olduğunu qeyd edərək layihələrin icrasında region təhsil işçilərinə uğurlar arzulayıb.