10.11.2022

Eksternat imtahanları üçün sənəd qəbuluna start verilir

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başladı.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərin sənəd qəbulu noyabrın 10-dan dekabrın 9-dək həyata keçiriləcək.

 

İmtahanda iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan sənədləri rayon təhsil sektoruna yaxınlaşaraq təqdim edə bilərlər:

 

1. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);

2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

3. 3x4 ölçüdə fotoşəkil;

4. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notarial qaydada təsdiq olunmuş surəti;

5. Müraciətçinin əvvəllər təhsil aldığı müəssisədən əldə etdiyi təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti;

 

Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 18-dən aşağı olmamalıdır.

 

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.

 

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.

 

Əlavə sualı olan vətəndaşlar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin +994 50 309 17 18 “Qaynar xətt” nömrəsinə zəng edərək məlumat ala bilərlər.


Açar sözlər: ,  ,