20.02.2023
Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalı keçiriləcək.
Festivalın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların milli vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.
Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər.
Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək www.uif.az portalı vasitəsilə aparılacaq.
Festival ümummili lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimat və rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək:
-rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger);
-piano ifaçılığı;
-klassik simli alətlər ifaçılığı;
-klassik nəfəs alətləri ifaçılığı;
-Azərbaycan xalq çalğı alətləri ifaçılığı;
-akademik vokal;
-estrada oxuma;
-xanəndəlik sənəti;
-aşıq sənəti;
-xor;
-caz ifaçılığı;
-solo milli rəqs;
-milli rəqs ansamblı;
-solo müasir rəqs;
-müasir rəqs ansamblı;
-aktyorluq;
-bədii qiraət;
-hekayəçilik (stand-up);
-dekorativ-tətbiqi sənət;
-rəssamlıq;
-heykəltəraşlıq.
Festivalda hər iştirakçı fərdi olaraq yalnız bir nominasiya üzrə iştirak edə bilər. Kollektiv olaraq festivala qatılanların isə fərdi şəkildə əlavə bir nominasiyada da iştirak etməsi mümkündür. Ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala evsahibliyi edəcək.
Festivalın ilk rayon (şəhər) mərhələsi aprel-iyun aylarında, ikinci mərhələsi isə iyun-avqust aylarında təşkil ediləcək. İkinci mərhələdə fərqlənən iştirakçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Festivalın final mərhələsi isə cari ilin sentyabrında Bakıda təşkil olunacaq.