İyunun 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən “Şagird davranış qaydaları”nın tətbiq olunduğu ümumi təhsil müəssisələrində cari il ərzində görülmüş işlərə dair hesabat xarakterli görüş keçirilib.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev, sektorun əməkdaşları, “Şagird davranış qaydaları”nın tətbiq olunduğu ümumi təhsil müəssisələrinin rəhbərləri və direktor müavinləri iştirak ediblər.
Layihənin tətbiq olunduğu müəssisələrin rəhbərləri cari il ərzində şagird davamiyyəti, geyim, təhlükəsizlik, eyni zamanda öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi vəziyyəti, müxtəlif səviyyələrə görə qayda pozuntuları hallarında görülmüş işlər, korreksiyaedici və rəğbətləndirmə tədbirləri barədə hesabat veriblər.
Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” pilot layihəsi ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir. Bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir.
Layihə hazırda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 20 məktəbdə tətbiq olunur.