Sentyabrın 12-də Xaçmaz rayonunun Qusarçay kəndində məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin köhnə binasında əsaslı təmir işləri aparılmaqla yanaşı, təhsil ocağı üçün 3 mərtəbəli yeni korpusun və idman zalının tikintisi həyata keçirilib.
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, məktəb kollektivi və kənd sakinləri iştirak ediblər.
Qusarçay kənd tam orta məktəbində təmir-tikinti işlərinə 2022-ci ilin yanvar ayında başlanılıb. Məktəbin köhnə binasında möhkəmləndirmə işləri və yeni korpusun inşası aparılıb. Layihəyə əsasən 960 şagird yerlik məktəbdə sinif otaqları, fənn kabinetləri, müəllimlər otağı, kitabxana, kompüter otağı, laboratoriyalar, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək. Qusarçay kənd tam orta məktəbində iki növbədə 900-dən çox şagird təhsil alacaq.
Tədbirdə çıxış edənlər ölkəmizdə həyata keçirilən təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi kimi məsələlərdən danışıblar.
Bildirilib ki, ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, inşası və yenidən qurulması, onların zəruri avadanlıqla təchizatı gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almalarına şərait yaradır. Məktəb infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.