Sentyabrın 15-də Quba rayonu Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbinin yeni tədris binası istifadəyə verilib.
Məktəbin açılışında Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, müəllimlər, şagirdlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov çıxışında əlamətdar gün münasibətilə müəllim, şagird və valideynləri təbrik edib, yeni dərs ilində onlara uğurlar arzulayıb. E.Bağırov təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, müəllim fəaliyyətinin stimullaşdırılması, məktəb tikintisi istiqamətində görülən işlərdən danışıb, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib.
Açılış mərasimində iştirak edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov məktəbin müəllim və şagirdlərini “Bilik Günü” münasibətilə təbrik edib, kollektivə yeni dərs ilində daha böyük uğurlar arzulayıb. O, ölkədə son illərdə tikilən və əsaslı təmir olunan məktəblərin sayının artmasından danışaraq Quba rayonunun həm mərkəzində, həm də kəndlərində köhnə məktəb binalarının yenilənməkdə olduğunu vurğulayıb.
Sonra mərasim iştirakçıları yeni binada yaradılan şəraitlə yaxından tanış olublar.
Qeyd edək ki, 360 yerlik məktəbdə sinif otaqları, idman zalı, yeməkxana, tibb otağı, fənn kabinetləri, emalatxana, akt zalı, müəllimlər otağı, kitabxana fəaliyyət göstərəcək.
Bu tədris ilində məktəbdə 290 şagird təhsil alacaq ki, onların da təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olacaq.