Sentyabrın 19-da Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri əsasında Qubada inşa olunan iki yeni məktəb binası istifadəyə verilib.
Pirvahid kənd tam orta məktəbinin yeni binası 320, Bağbanlı qəsəbə tam orta məktəbinin yeni binası isə 360 şagird yerlikdir.
Ramin Dadaşov adına Pirvahid kənd tam orta məktəbin yeni binasının açılış mərasimində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin, Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər.
Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Elm və Təhsil Nazirliyinin müşaviri Simuzər Feyzullayeva, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Vahid Əhmədov çıxış edərək, müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən danışıblar.
Bildirilib ki, Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr həyata keçirməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir.
Tədbirdə şəhid atası Abdul Novruzov, şəhid qardaşı Ramin Dadaşov, məktəbin müəllimi Günay Babayeva, X sinif şagirdi Nargül Allahverdiyeva çıxış edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Heydər Əliyev Fondu tərəfindən Quba rayonu Ramin Dadaşov adına Pirvahid kənd tam orta məktəbin yeni binası 2023-cü ildə tikilib. İki mərtəbəli təhsil ocağında 220 yerlik akt zalı var. Birinci mərtəbədə idman zalı, yeməkxana, ibtidai sinif və texnologiya otaqları, ikinci mərtəbədə akt zalı, informatika, kimya, fizika, biologiya laboratoriya, hərbi hazırlıq, tibb otaqları, kitabxana və inzibati otaqlar mövcuddur.
Məktəbin direktoru Elmar Hüseynov bildirib ki, təhsil ocağı üçün müasir tələblərə cavab verən, hər cür şəraiti olan yeni binanın tikilməsi şagirdlərin, müəllim və valideynlərin də böyük sevincinə səbəb olub. “Bizim köhnə məktəb 1947-ci ildə tikilmişdi. Cəmi 8 otaqdan ibarət binada dərs keçmək üçün şərait yox idi. Bu gün istifadəyə verilən yeni məktəbimizdə isə şagirdlərin keyfiyyətli təhsil alması üçün hər cür şərait var. Bu məktəb Prezidentimiz İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın təhsilə qayğısının bariz nümunəsidir. Məktəb binası Heydər Əliyev Fondunun yeni dərs ilinin başlanğıcında kollektivimizə dəyərli hədiyyəsidir”, - deyə Elmar Hüseynov söyləyib.
Sonra tədbir iştirakçıları Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta məktəbin yeni binası ilə tanış olublar.
Bildirilib ki, Heydər Əliyev Fondunun bu ilin yanvarından qəsəbədə 360 yerlik yeni məktəbin tikintisi ilə bağlı apardığı işlər artıq yekunlaşıb, təhsil ocağı şagird və müəllimlərin ixtiyarına verilib.