Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən məktəb rəhbərləri ilə STEAM Azərbaycan Festivalı-SAF-2023-ə hazırlıq məqsədilə görüş keçirilib.
Xaçmaz şəhəri 8 nömrəli məktəb-liseydə keçirilən görüşdə Təhsilin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev STEAM-ın gələcəyin çağırışlarına cavab verən bir layihə olduğunu qeyd edərək, festivalın şagirdlər üçün bilik və bacarıqların əldə olunması, komandada işləmək imkanı qazandırdığını bildirib.
Təhsil İdarəsinin əməkdaşı Namik Hümbətov region məktəblərində innovativ layihələrin genişləndirilməsinin vacibliyindən danışıb. O, məktəblərə bu istiqamətdə həm texniki, həm də metodiki dəstək göstərildiyini və bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.
Daha sonra məktəb rəhbərlərinin mövzu ətrafında olan sualları cavablandırılıb, festivala hazırlıq istiqamətində təklifləri müzakirə olunub.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənnləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.