Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında göstərdiyi uğursuz nəticəyə görə əmək müqaviləsinə xitam verilmiş müəllimlərin sosial durumu diqqətdə saxlanılır.
2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunmuşdu. Təkrar sertifikatlaşdırmaya cəlb edilmiş müəllimlərdən Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 194 nəfər imtahandan keçməmiş və onların əmək müqaviləsinə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 4 sentyabr 2023-cü il tarixindən xitam verilmişdir.
Nazirliyin müvafiq əmri ilə təkrar sertifikatlaşdırmanın nəticəsinə əsasən əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılıb. Komissiyalar 5 sentyabr tarixindən fəaliyyətə başlayıb və bu müddət ərzində təkrar sertifikatlaşdırmadan keçməyən bütün şəxslərlə görüşülüb, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb. Hazırki dövrə kimi həmin şəxslərdən sosial baxımdan həssas əhali qrupuna aid edilən 44 nəfəri təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.