Zəfər Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən məktəblilər arasında keçirilən voleybol və basketbol idman növləri üzrə turnir yekunlaşıb.
Turnirin final mərhələsini giriş sözü ilə açan idarənin müdir müavini Pərvin Ağasıyev Zəfər Günü münasibətilə yarış iştirakçılarını təbrik edərək onlara uyğurlar arzulayıb.
2007-2009-cu il təvəllüdlü məktəblilər arasında keçirilən turnirin final oyunlarında rayon mərhələsinin qalibi olmuş komandalar yarışıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın finalında voleybol idman növü üzrə Qusar rayonu Urva kənd tam orta məktəbinin komandası I, Şabran rayonu Səməndər Musayev adına Uzunboyad kənd tam orta məktəbinin komandası II, Xaçmaz şəhəri 9 nömrəli tam orta məktəbin komandası III yerə çıxıb.
Basketbol idman növü üzrə isə Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin komandası Qusar şəhəri Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəbin komandasına qalib gələrək zona birincisi adını qazanıb. Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin komandası yarışı üçüncü başa vurub.
Turnirin keçirilməsində əsas məqsəd Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin yad edilməsi, şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarət olub.