14.11.2023

Təhsil müəssisələri qış rejiminə keçib

Regionun təhsil müəssisələri noyabr ayının əvvəlindən qış rejiminə keçib.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin 164-ü qazla, 164-ü odunla, 43-ü elektriklə, 42-si isə dizellə qızdırılır.

 

Regiondakı məktəblərin əksəriyyətində mərkəzi istilik sistemi yaradılıb, bəzi təhsil müəssisəsində isə fərdi qaz sobaları və kombi sistemi quraşdırılıb.

 

Son illərdə Xaçmaz rayonunda 20, Qusarda 7, Qubada 6, Şabranda 4 məktəbdə təkmilləşdirilmiş istilik sistemi yaradılıb. Əvvəllər bu təhsil ocaqları odun və ya dizel yanacağı vasitəsilə qızdırılırdı.

 

Hazırda Quba (2 məktəb) və Siyəzən (2 məktəb) rayonlarının, ümumilikdə, 4 məktəbində istilik sisteminin təkmilləşdirilməsi istiqamətində işlər görülür. Odunla qızdırılan məktəblər müvafiq dövlət orqanları tərəfindən bu yanacaq növü ilə təmin edilib.

 

Son illərdə rayonda yeni modul tipli məktəblər istifadəyə verildiyindən odunla qızdırılan təhsil ocaqlarının sayı azalıb.

 

Şimal bölgəsində soyuq hava şəraiti səbəbindən bəzi ucqar kəndlərdə yerləşən məktəblərdə sobalar işə tez salınır. Ümumilikdə, təhsil müəssisələri qış mövsümünə noyabr ayının 1-dən keçir.


Açar sözlər: