Şagird nailiyyətlərinin qiymətləndirilməsi və analizi təlim prosesinin çox vacib hissəsini təşkil edir. Qiymətləndirmə prosesində texnologiyadan istifadə müəllimlərə şagirdlərin nəticələrini operativ təhlil və gələcək dərslərin planlaşdırılması üçün istifadə etməyə imkan verir.
Rəqəmsal summativ qiymətləndirmə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Ümumitəhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”na əsasən keçirilən ənənəvi summativ qiymətləndirmələrin kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək təşkilidir.
2023-2024-cü tədris ilinin əvvəlindən indiyədək Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 37 məktəbdə, 316 sinifdə, 116 fəndən 958 kiçik summativ qiymətləndirmə (KSQ) rəqəmsal olaraq təşkil edilib. Rəqəmsal qiymətləndirmə imtahanlarında 9330 şagird iştirak edib.
Qeyd edək ki, ötən tədris ili ərzində regionun 52 məktəbində rəqəmsal summativ qiymətləndirmə təşkil olunmuşdu.
Rəqəmsal summativ qiymətləndirmə ümumi təhsil müəssisəsinin daxilində keçirilir. Təhsilalanların qiymətləndirilməsinə dair rəqəmsal məlumatlar müəllimin Virtual Məktəb hesabında elektron formada arxivləşdirilərək bir il müddətinə saxlanılır. Texniki təminat və internet olmadığı təqdirdə ümumi təhsil müəssisələrində summativ qiymətləndirmələr ənənəvi formada, kağız üzərində təşkil olunmalıdır.
Summativ qiymətləndirmələrin rəqəmsal keçirilməsi ənənəvi qiymətləndirmə ilə müqayisədə özündə bir çox üstünlükləri ehtiva edir. Belə ki, qiymətləndirmənin rəqəmsallaşması nəticəsində təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqları təkmilləşdirilir, təhsilalanların nəticələrinə dair çevik hesabatlılıq aparılaraq fərdi yanaşma təmin olunur, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanları yaradılır, ümumi təhsil müəssisələrində kağız israfının qarşısı alınır. Rəqəmsallaşan məktəbdaxili qiymətləndirmənin əsas üstünlüklərindən biri də təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsidir.