Təhsil naziri Emin Əmrullayevin “AzTV”-yə müsahibəsi (07.04.2021)

Emin Əmrullayev: “Təhsil Nazirliyi qurum olaraq əyani təhsilə qayıtmaq istəyən ən maraqlı tərəflərdən biridir”

 

 

Aprelin 7-də Təhsil naziri Emin Əmrullayev  AzTV-nin “Hədəf” proqramının qonağı olub. Verilişdə pandemiya dövründə tədrisin təşkili, təhsil işçilərinin vaksinasiyası, direktorların işə qəbulu, peşə təhsili, SABAH magistraturası və digər məsələlər ətrafında danışılıb.

 

Bu qərar vaxtında verilən bir qərardır

 

- Emin müəllim, əslində son bir ildir yalnız Azərbaycanda yox, dünyada elə bir proses gedir ki, demək olar ki, bütün sahələrdə ənənəvi qaydalar, proseslər dəyişib. Və biz hər an yeni və yaxud da belə deyək ki, qeyri-standart və yaxud qeyri-stabil vəziyyətlə rastlaşırıq. Hətta ənənəvi qaydada qəbul etdiyimiz qaydaları belə dəyişmək məcburiyyətində qalırıq. Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də təhsildir ki, Azərbaycan da elə ilk gündən, yəni, virusun aşkarlandığı vaxtdan bu sahədə öz təcrübəsini, standartını tətbiq etdi. Təbii ki. burada beynəlxalq təcrübənin tətbiqi də qaçılmazdır. Yəni, buna pozitiv nöqteyi-nəzərdən yanaşsaq son bir il ərzində etiraf etməliyik ki, həm də pandemiya Azərbaycana təhsil sahəsinə distant təhsil kimi təcrübə də qazandırdı. Bu həftə artıq yeni  bir qərar qəbul olundu ki, aprelin 5-dən müəyyən sayda şəhərlərdə  və 1 rayonda distant təhsilə keçildi. Cəmiyyətdə aydındır ki, bəlkə də sizin üçün də gözləniləndir ki, bu cür qərarlar, birmənalı qarşılanmır. Aprelin 5-i üçün verilən qərar  cəmiyyətdə necə qarşılanır və ümumiyyətlə, Təhsil Nazirliyi bu qərarı vaxtında verilən qərar hesab edirmi?

- Mən suala görə  təşəkkür edirəm. Sizin də qeyd etdiyiniz kimi ötən ilin təxminən fevral ayının sonlarından - mart ayından başlayaraq dünya bir qeyri-müəyyənliklə  üz-üzə qalıb. Və hər bir mərhələlərə  təbii ki, qərarların verilməsi müxtəlif məntiqə və müxtəlif təhlillərə söykənir. Ötən ilin mart ayının 3-də ilk dəfə Azərbaycanda məktəblər distant təhsilə keçirildi Həmin zaman biz  kifayət qədər qeyri-müəyyən situasiya ilə  üz-üzə idik. Və yəqin ki, insanların böyük əksəriyyəti  bunun müvəqqəti olduğunu, may ayında dərslərə qayıdacaqlarını, daha sonra isə növbəti tədris ilində - sentyabrda  dərslərin  başlanacaqlarına inanırdı. Amma reallıq onu göstərir ki, bir ildən artıq bir müddətdir ki, həm təhsil,  həm də müxtəlif sahələrdə sizin də qeyd etdiyiniz yeni normalar formalaşır. Bu situasiya təbii ki, təhsilə də müsbət təsir etmir.

 

Təxminən 2 milyona yaxın təhsil alanın, o cümlədən 200 mindən artıq təhsil verənin, ailələrin istər psixoloji vəziyyətinə,  istərsə də  ümumi situasiyada davranışına təbii ki, verilmiş situasiya ən azı müsbət təsir etmir. Məncə təhsil sistemi həmişə 2 sualın qarşısında qalır. Təhsil sisteminin ən vacib məqsədi olan şagirdlərin davamlı öyrənməsini təmin etmək, ancaq eyni zamanda insan sağlamlığını, həyatını qorumaq. Bu cür,  belə deyək, ikitərəfli, iki tərəfi neqativ olan və yaxud bir-birinə əks işləyən bir qərarvermə prosesində təbii ki, bütün istəkləri təmin etmək o qədər də asan deyil və yaxud  mümkün də deyil.

 

O ki, qaldı bu ilin 5 aprel tarixindən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda ümumtəhsil müəssisələrinin  müvəqqəti olaraq distant təhsilə keçirilməsinə. Burada bir neçə faktor öz rolunu oynadı. Mən o faktorları qeyd etmək istərdim. Artıq gördüyünüz kimi yoluxma halları 2500-ü keçib. Bunun böyük bir hissəsi - 80%-i sadaladığım şəhər və rayonun  payına düşür. Bu, nə deməkdir? Bakı şəhərində biz artıq mart ayının 29-dan  başlayaraq orta hesabla günə 10-12  məktəbin distant təhsilə  keçilməsini müşahidə edirdik. Proqnozlara görə bu daha yuxarı rəqəmlərə doğru gedirdi. Yəni, istənilən halda, hətta günə 2500-3000 yoluxma olanda Bakı şəhəri üzrə bu yoluxmaların 70-80%-i  adıçəkilən şəhərin payına düşdüyü halda  Bakı, Sumqayıt və Abşeronda məktəblər onsuz da tədricən müəyyən sayda bağlanırdı. Yoluxma sayının artmaması, təmasların qarşısını almaq üçün bu məktəbləri  səhiyyə qurumlarının rəyi ilə  distant təhsilə keçirmək məcburiyyətində olurduq. Bu, birinci səbəbdir. İkinci səbəb davamiyyət məsələsidir. Davamiyyət məsələsi olduqca vacibdir  və yoluxma artdıqca təbii ki, ailələr  öz övladlarını riskə atmaq və yaxud da evdə yaşlı insanlar olduğuna görə uşaqlarının məktəbə getməsini istəmirdilər. Məktəbə gedən uşaqların sayında azalmalar  müşahidə olunurdu. Bu, bizim tərəfimizdən həm gündəlik davamiyyət rəqəmlərini toplamaqla, həmçinin məktəblərə aidiyyatı qurumlardan həmkarlarımızın səfərlər etməsi ilə izlənilirdi.

 

Bilirsiniz ki, onsuz da siniflər yarımqruplara bölünməklə fəaliyyət göstərirdi. Həmin qruplardakı uşaqların da  yarısından çoxu dərsə gəlməyəndə biz artıq şagird öyrənməsinin, davamlılığından danışa bilmirik. Bu mənada heç olmasa distant təhsilə keçmək daha məntiqli görünür. 3-cü səbəb çalışırdıq ki, Təhsil Nazirliyi olaraq ictimaiyyətin də fikirlərini öyrənmək məqsədilə sorğu təşkil edək. Biz özümüz də qeyd etdik ki, bu sorğu təbii ki,  elmi -akademik sorğu deyil. Bu tip qərarlar qısa zaman ərzində qəbul edilməlidir. Elmi sorğuların həyata keçirilməsi isə daha uzun hazırlıq tələb edir və s. Sadəcə olaraq cəmiyyətin ilkin,  belə deyək,  reaksiyasını öyrənmək həm sorğuda 50 mindən artıq insanın iştirak etməsi, həm müxtəlif şərhlərin yazılması bizim bir qərara gəlməyimizə   yardımçı oldu. Yəni, bir qisim valideyn övladını məktəbə göndərmək istəsə də, çoxluq distant təhsilə keçilməsinin tərəfdarı idi. Görünən bu oldu ki, həm davamiyyətə, həm yoluxma sayının artmasına, həm də dediyiniz ümumi  ictimai fikrə görə, mən bu qərarın düz və ya səhv yox, uyğun qərar olduğunu hesab edirəm. Çünki bu kontekstdə insanların həyatını, sağlamlığını  qorumaq  və yoluxanların sayının artmasının qarşısını almaq üçün düşünürəm ki, bu qərar vaxtında verilən bir qərardır. Təbii ki, növbəti həftələr ərzində əgər yoluxma sayı aşağı düşərsə Təhsil Nazirliyi qurum olaraq əyani təhsilə qayıtmaq istəyən ən maraqlı tərəflərdən biridir. Yəni, istəyirəm ki, ictimaiyyət də vəziyyəti  düz başa düşsün. Həm müəllimlərin, həm də yaşlı valideynlərin sağlamlığını qorumağı da düşünməliyik. Bəzi insanlar qərardan narazı qala bilər. Biz daha çox balanslaşdırılmış qərar qəbul etməliyik. Rayonlarda isə  sırf  yoluxma sayı  hələ ki, səhiyyə qurumlarının, həmçinin bizim rəyimizə görə aşağı olduğuna görə ayrı-ayrı məktəblərdə bu hal baş verdiyi həmin təhsil müəssisələrini distant təhsilə keçiririk. Və belə məktəblər hər gün olur. Amma ümumilikdə istədiyimiz ondan ibarətdir ki, şagirdlərin mümkün qədər optimal formada, belə deyək, öyrənməsini təmin edə bilək. 

 

Distant təhsil daha çox nəticədir, nəinki səbəb

 

- Necədir sizin qiymətləndirməniz? Bu müddət ərzində distant təhsil Azərbaycan təcrübəsi olaraq özünü doğruldurmu? Çünki sosial şəbəkələrdə də biz  bununla bağlı müəyyən iradlara rast gəlirik. Təbii ki, ənənəvi təhsil distant təhsili əvəz edə bilməz, bu, birmənalıdır.  Bununla bağlı sizin özününz də müəyyən  münasibət və fikirlər bildirmisiniz. Distant təhsilin keyfiyyətinin artırılması istiqamətində bu müddətdə  hansı işlər görülüb və ümumiyyətlə, sizi qane edirmi?

- Sualın yəni, birinci hissəsindən, başlayaq ki, əgər əyani təhsil mümkün deyilsə, onda distant  təhsil vəziyyətdən  yeganə çıxış yoludur. Təbii ki, onun keyfiyyətinin getdikcə artdığını düşünürəm.  Çünki ötən ilin mart ayında bizim bir çox  müəllimlərimizin demək olar ki, həyatında heç vaxt distant təhsil təcrübəsi olmayıb, teledərslər aləti yox idi. Mən distant təhsilin ailələr üçün böyük stress və diskamfort yaratdığını bilirəm. Bunu başa düşürük. Məncə, cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Əslində biz distant təhsilə bütün problemlərin əsas səbəbi kimi deyil, pandemiyanın törəməsi kimi baxmalıyıq. Çünki distant təhsil daha çox nəticədir, nəinki səbəb. Məncə, nə etmək olar sualı  daha konstruktiv sualdır. Bəzi problemlərin qısa müddət ərzində  həlli təəssüf  ki, mümkün deyil. Məsələn, qısa müddət ərzində hər bir qəsəbədə internetin təmin edilməsi obyektiv səbəbdən  mümkün deyil və yaxud qısa müddət ərzində bütün müəllimlərimizin hər birinin eyni keyfiyyətlə distant təhsil verməsi  kifayət qədər çətindir. Biz artıq yanvar ayında rəqəmləri paylaşmışdıq, bütün təhsil sistemi üzrə yəni, həm dərslər, həm müxtəlif sual-cavab sessiyaları, həm ali təhsildə olan mühazirələr “Microsoft Teams” platforması üzərindən həftəlik 6 milyona gəlib çatırdı.

 

Biz eyni zamanda müxtəlif ölçmələrlə başa düşürük ki, distant təhsilə keçid xüsusilə kənd yerlərində və bölgələrdə müəyyən mənada problemlər  yaradıb. Ona görə də teledərslərin yayımına başlanıldı. Mən xüsusi vurğulamaq istərdim ki, indi ailələrin rolu əvvəlkindən daha çoxdur, həm övladlarının psixoloji nöqteyi-nəzərdən, həm də  öyrənməyə dəstək olmaq baxımından. Çünki biz unutmamalıyıq  ki, ev mühiti məktəblə bərabər insanın inkişafının ən vacib amilidir. Yəni, nə qədər ki, məktəb mühitində müəllimlər insanın inkişafına töhfə verir, ailədaxili münasibətlər, ailədaxili mühit insanın istər mənəvi yetişkənliyinə, istərsə də öyrənmə həvəsinin formalaşması üçün ən vacib amildir. Ona görə verilmiş mühitdə mənə elə gəlir ki, emosiyaları düzgün idarə edib, daha çox verilmiş sualın rasional düzgün cavabını  axtarmalıyıq və birlikdə bu prosesdən çıxmalıyıq. Artıq belə deyək  tunelin sonunda bir işıq ucu görünür.Vaksinləşmə prosesi başladığına görə ona doğru sürətlə irəliləməliyik.     

 

Azərbaycan kütləvi vaksinasiya edən həm regionda,  həm də dünyada seçilən ölkələrdən biridir 

 

- Yeri gəlmişkən, ümumiyyətlə təhsil işçilərinin vaksinasiya prosesi necə gedir? Təhsil üçün vaksinasiya təşəbbüsü belə deyək də artıq başlayıb.

- Baxın, ötən ilin mart ayında bizim cəmiyyətimizin bir hissəsi COVID-19 virusunun ümumiyyətlə mövcudluğunu qəbul etmək istəmirdi. Belə insanlar var idi və bu sirr deyil. Bir il vaxt lazım oldu ki, biz bu təhlükənin nə  qədər ciddi olduğunu qəbul edək. Vaksinlərlə də  bağlı proses  artıq bir neçə aydır ki, başlayıb. Təbii ki, ən yaxşı xəbər odur ki, Azərbaycan kütləvi vaksinasiya edən həm regionda, həm də dünyada seçilən ölkələrdən biridir. Məncə, bunu  belə deyək də, düzgün şəkildə dəyərləndirib  istifadə etmək lazımdır. Vaksinasiyaya olan münasibət olduqca vacibdir. Çünki bir çox hallarda insanlar təbii ki, qeyri-müəyyən olan şeylərdən çəkinir, ehtiyat edirlər. Amma bu gün 1 milyondan  artıq vaksin vurulubsa və hər hansı bir pis hadisə baş verməyibsə, bir milyon birinci insana, bir milyon yüz mininci insana da bunun hər hansı bir belə deyək, neqativ fəsadlarının olmasını gözləmək düzgün deyil.Vaksinlərlə bağlı məncə ikinci mif  ondan ibarətdir ki, məsələn, insanların məktəblərin bağlanmasında arqumentlərindən biri bu idi ki, əgər vaksinlər vurulubsa onda  niyə görə məktəblərin distant təhsilə keçirilməsinə qərar verilir. Vaksinin  birinci dozadan  sonra ikinci dozası 28 gün, daha sonra isə  14 gün lazımdır ki, insanda immunitet formalaşsın. Yəni, 6 həftəlik bir müddət lazımdır. Bunun kifayət qədər uzun və ya qısa bir müddət olmasını demək çox çətindir. Bu, obyektiv bir müddətdir və bunu kimsə daha tez edə bilmir. Ona görə vaksinasiyada  bu müddət olduğuna görə nə qədər kim tez edirsə bir o qədər həm özünü həm də ətrafdakılarını riskdən qorumuş olur. Vaksinlərlə bağlı bildiyimiz 3-cü məsələ ondan ibarətdir ki, iki doza vaksin vurmuş  və üstündən 14 gün keçən şəxslər həmin virusa yoluxa bilir və bu normaldır. Amma vaksinin məqsədi insanı tam olaraq virusa yoluxmaqdan qorumur, daha çox yoluxan zaman onun ağır formada keçməsinin qarşısını alır. Dediyim kimi, iki vaksin  dozası almış,  üstündən 14 gün keçəndən sonra bir nəfərin də hələ ağırlaşması və ya belə deyək  dünyasını dəyişməsi faktı qeydə alınmayıb.

 

Təhsil sistemində də məncə,  müəllimlər xüsusilə bu  işıq lokomotivi olmalıdırlar, çünki vaksinin elmi əsası var. Biz elmi əsası olan məsələlərə inanmalıyıq.Vaksinlər vurulduqca təbii ki, qrup immunitetinin formalaşması prosesi gedir və heç olmasa 70-80% insanın ikinci vaksin dozası alıb, üstündən 14 gün keçəndən sonra yəni, biz artıq pandemiyanın yəqin ki, sonu haqqında danışa bilərik. Amma təbii ki, qeyri-müəyyənliklər yenə də çoxdur. Məktəblərdə bu proses gedir, əvvəl biz 50 yaşından yuxarı heyətin vaksinasiyasına başlamışdıq. Məsələn, Sumqayıt şəhərində  birinci dozanı vurmuş 50 yaşından yuxarı təhsil işçilərinin göstəricisi 70%-dir. Bakıda bu rəqəm 50%-dən yuxarıdır, Abşeronda 60%-dir.  Hər gün bu rəqəmlər dəyişir. Biz məktəblərimizi də gündəlik əsasda ictimaiyyətə paylaşırıq, bölüşürük. O məktəblərdə ki, müəllim və texniki heyətinin  vaksinasiya prosesində iştirakı 85%-dən yuxarıdır biz həmin təhsil müəssisələrini  müəyyən mənada təhlükəsiz məktəblər adlandıra bilirik.

 

Mən əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik. Əks halda sadəcə hansısa qapanma və dalğalarla pandemiya daha uzun müddət çəkə bilər. Ona görə də ən effektiv yol vaksinasiyadır. Vaksinlər var  və  “Təhsil üçün vaksinasiya” kampaniyası çərçivəsində vaksinasiya sürətlə gedir. İnanırıq ki, qısa müddətdə bu prosesi tamamlayacağıq.   

 

- Gün ərzində ölkəmizdə yoluxanların 4-6 faizini təhsil işçiləri təşkil edir. Qırmızı xətt necə müəyyənləşdirilir və bu xətt hansı rəqəmin üzərində dayanır? Biz artıq nə zaman həyəcan təbili çalmalıyıq?Yoxsa  qeyd etdiyimiz bu rəqəmlər də kifayət ciddi və həyəcanlı göstəricilərdir?

- Bilirsiniz ki, sentyabrın 15-dən məktəblər ənənəvi, hibrid formada başlayandan Təhsil Nazirliyi  bu istiqamətdə rəqəmləri toplayır, onları təhlil edir. Bizim bütün qərarlarımız  bu təhlillərə əsaslanır. 4-6 faiz məsələsini aydınlaşdırım. Biz hər gün təbii ki, səhiyyə qurumlarından yoluxan şəxslər haqqında məlumat alır və öz məlumat bazamızda həmin şəxslərin fin nömrələri ilə yoxlayıb nə qədər insanın hansı yerlərdə yoluxması ilə bağlı, yəni təhsildə yoluxma coğrafiyasını müəyyən edə bilirik. Nələri görürük? Birinci məsələ ondan ibarətdir ki, təbii ki, 4-6 faiz yalnız məktəblərdə yoluxmur. Müəllimlər də digər vətəndaşlarımız kimi ailədaxilində, nəqliyyatda  və digər yerlərdə yoluxurlar.  Məktəblərdə yoluxma əsasən, sözün düzü sanitar-gigiyena qaydalarına əməl olunmayan hallarda çox müşahidə olunur. Müəllimlər müəllim otağında bir qədər ehtiyac olmadığı halda ünsiyyətdə olublar, hansısa kütləvi şəkildə müzakirələr aparıblar və s. Sözün düzü, belə halların sayı çox deyil, daha çox təhsil müəssisələrindən kənarda baş verir. 6-8 faiz arasında  da şagirdlər arasında yoluxma müşahidə edirik. Amma yaxşı xəbər  ondan ibarətdir ki, çox az hallar var ki, biz məktəblərdə müəllimlər arasında kütləvi yoluxma müşahidə edirik. Yəni bu hallar olub, bir neçə məktəblərimiz distant təhsilə keçib. Bu da qeyd etdiyim kimi, təhsil işçilərimizdən daha çox ehtiyatlı olmağı, ehtiyac olmadığı halda ünsiyyətdə, belə deyək də təmaslardan yayınmağı tələb edir. Ancaq vaksinasiya prosesinin həyata keçirilməsinin nəticəsində düşünürəm ki, bu risklər dəfələrlə azalacaq. Xüsusilə də vaksin olunmuş insanları nəzərdə tuturam.

 

Məktəb direktorlarının həm bacarıqları,  həm də onların davranışları təhsilin keyfiyyətini müəyyən edən faktordur

 

- Məktəb direktorlarının seçimi ilə bağlı məsələyə də aydınlıq gətirməyinizi xahiş edirik. Ümumiyyətlə proses necə gedir və bu sahədə Təhsil Nazirliyi hansı addımları atır?

- Hər bir təhsil sistemində, belə deyək də təhsili idarə edən  insanların rolu məncə, hamıya aydındır. Məktəb direktorlarının həm bacarıqları,  həm də onların davranışları  və dəyərləri təhsilin keyfiyyətini müəyyən edən faktordur.  Təbii ki, təhsil sistemi olaraq bizim ən çox ehtiyac duyduğumuz vəzifəyə axtardığımız insanlar məktəb direktorlarıdır. Və bu prosesi şəffaf, o cümlədən rəqabətli eləmək bizim əsas məqsədimizdir. Bu məqsədə nail olmaq üçün bir neçə ildir ki,bildiyiniz kimi məktəb direktoru vəzifəsi şəffaf şəkildə elan olunur, obyektiv imtahanlar keçirilir. Belə deyək, istənilən müəllim direktorluğa cavab verən tələblərə uyğun olarsa bu müsabiqədə iştirak edə bilər. Hal-hazırda 600-dən artıq məktəb direktoru yeri vakantdır. Biz bu vakant yerlərin tutulması   istiqamətində imtahanları təşkil etmişik. Məsələnin yaxşı tərəfi odur ki, bu seçimlərin aparılması, daha  çox insanın prosesə cəlb olunması, təlimlərin keçirilməsi ümumi məqsədimizə çatmağa  imkan verir. Amma eyni zamanda da məsələnin ən vacib hissəsi  olan davranış və dəyər məsələlərinin ölçülməsi o qədər də bildiyiniz kimi asan məsələ deyil. Bunu  yalnız zaman olaraq həmin direktorların fəaliyyətini qiymətləndirməklə biz  qiymət verə bilirik. Məsələn, artıq uzun müddətdir ki, məktəb direktorlarının belə deyək  müqavilələrinin uzadılması məktəb nəticələri əsasında aparılır. Bu yanaşmalar yəqin ki, davam etdiriləcəkdir. Bəzi hallarda yaxşı müəllimlər bir o qədər  yaxşı idarəedicilər olmur. Yaxşı müəllim pis direktor olanda, biz həmin yaxşı müəllimi itirib, belə deyək yaxşı olmayan direktor əldə edirik.

 

Təhsilin idarəedilməsi öz-özlüyündə kifayət qədər mürəkkəbdir. Yəni məktəb direktoru olmaq o qədər də asan vəzifə deyil. Bununla belə dediyim kimi, ən istedadlı, bacarıqlı, motivasiyası olan  insanları düzgün şəkildə seçərək həmin vəzifələrə  təyin etməyə çalışırıq.