Sual: Azərbaycanda şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi (məktəb şəbəkəsinin rasionallaşdırılması) istiqamətində indiyədək hansı nəticələrə nail olunub? Bu istiqamətdə hansı yeni işlərin aparılması nəzərdə tutulur?Azərbaycanda necə məktəbin birləşdirilməsinə ehtiyac var?

Cavab: Cavab:“Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”na əsasən ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqram hazırlanıb həyata keçiriləcəkdir.

Sual: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin orta məktəblər üçün müəyyənləşdirdiyi yeni qida standartlarının tətbiqinə nəzarət hansı qaydada həyata keçiriləcək və necə tənzimlənəcək? Bu məsələdə Təhsil Nazirliyinin səlahiyyəti nədən ibarətdir?

Cavab: Cavab: Təhsil müəssisələri üçün müəyyənləşdirilmiş yeni qida standartlarına riayət edilməsi ilə bağlı tabelikdə olan aidiyyəti müəssisələrə rəsmi qaydada göstərişlər verilmişdir. Qeyd olunan standartların tətbiqinə nəzarətin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Sual: Təhsil Nazirliyi 2013-2014-cü dərs ilində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin səmərəli tədrisinin təmin olunmasına yönəlmiş bir sıra tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlər nələrdən ibarətdir?

Cavab:Cavab: Hərbi hissələrlə əməkdaşlığı gücləndirmək, hərbi xidmət həyatı ilə şagirdlərin tanış olmalarına hərtərəfli şərait yaratmaq, “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən müəllimlərin ixtisasartırma kurslarına, öyrədici təlimlərə cəlbini təşkil etmək, bütün tam orta məktəblərdə, bir qayda olaraq, hərbi idman oyunları üzrə komandaların təşkilini və yarışlarda iştirakını təmin etmək, fənnin tədris bazasının getdikcə gücləndirilməsinə nail olmaq, məktəblərdə fənnin tədrisi vəziyyətinin monitorinqini aparıb əməli təkliflər hazırlamaq və s. həmin tədbirlər sırasına daxildir.

Sual: Şagirdlərin sayı az olan məktəblərin birləşdirilməsi üçün xüsusi proqram hazırlanır. Bu zərurət nədən yaranıb?

Cavab: Cavab: “Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına əsasən ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramın hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur. Qeyd olunan proqramın hazırlanmasında əsas məqsəd mövcud məktəb şəbəkələrinin səmərəliliyinin və son nəticədə tədrisin keyfiyyətinin yüksəldilməsidir.

Sual: 12 illik təhsil sisteminə nə zaman keçiriləcək?

Cavab: Cavab: 12 illik təhsilə keçidlə bağlı zəruri tədbirlərin həyata keçirilməsi “Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuşdur.

Sual: Ucqar rayonların əksər orta məktəblərində davamiyyətin aşağı olması ilə bağlı fikirlər səslənir. Bununla bağlı nazirlik tərəfindən bölgə məktəblərində yoxlamalar aparılacaqmı?

Cavab: Ucqar məktəblərdə davamiyyətə nəzarət üzrə yerli təhsil orqanları və digər aidiyyəti təşkilatlarla birgə davamlı tədbirlər həyata keçiriləcəkdir.

Sual: Orta məktəblərdə nə qədər dərnək var? Şagirdlərin məktəbdən kənar əsasən hansı sahələrə marağı var? Şagirdlərin ictimai fəallığını daha da artırmaq üçün nazirlik tərəfindən hansı işlərin görülməsi planlaşdırılır?

Cavab: Məktəbdənkənar təhsil müəssisələrində 13 minə yaxın dərnək (qrup) fəaliyyət göstərir. Şagirdlərin rəqs, rəsm, bədii qiraət, dizayn, modelçilik, diyarşünaslıq, idman, şahmat sahələrinə daha çox maraqları var.
Uşaqların ictimai fəallıqlarının artırılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün müsabiqələr, kütləvi tədbirlər və idman yarışları keçirilir.

Sual: Distant təhsil birinci qrup əlilliyi olan insanlar üçün çox əlverişli ola bilər. Onlar üçün bu cür təhsil sisteminin tətbiqi gözlənilirmi?

Cavab: Distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarının artırılması məqsədi ilə “Elektron Təlimləndirən Sistemlər” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində 60 şagird və 10 müəllimə yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş noutbuklar verilmiş, 60 şagirdin evinə internet xətti çəkilmiş, şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədilə Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə Distant Təhsil Mərkəzi yaradılmışdır. Mərkəzin otaqlarında yüksək sürətli fiber-optik internet və intranet bağlantıları quraşdırılmışdır. Həmçinin müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az portalı yaradılmışdır. Hazırda layihənin genişləndirlməsi üzrə işlər aparılır.

Sual: Orta məktəb şagirdlərinin asudə vaxtının səmərəli keçirilməsinin təşkili üçün hansı işlər görülür?

Cavab:Cavab: Şagirdlər maraq və istəklərinə uyğun olaraq dərnəklərə cəlb edilir. Həmçinin onlar üçün müsabiqələr təşkil olunur, kütləvi tədbirlər, idman yarışları keçirilir.

Sual: Sovet dövründə pioner təşkilatları mövcud idi. Hazırda adıçəkilən qurumu əvəz edən təşkilat varmı?

Cavab: Cavab: Ümumtəhsil məktəblərində uşaq birliyi rəhbəri ştatı mövcuddur.

Sual: Azərbaycanda neçə məktəb beşgünlük tədris həftəsinə keçib və neçə məktəbdə 6 günlük tədris həftəsi həyata keçirilir?

Cavab: Bütün I-V siniflərin hamısı 5 günlük tədris həftəsi ilə işləyir. 1 növbəli məktəblərdə də, bir qayda olaraq, 5 günlük tədris həftəsi tətbiq olunur. 

Sual: 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri nə vaxt keçiriləcək?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, “Son zəng" tədbirləri iyunun 14-də keçiriləcəkdir.

Sual: 2014-2017-ci illərdə Azərbaycan məktəblərində ikinci növbə ləğv oluna bilər?

Cavab: Ölkəmizdə məktəb tikintisinin sürətli inkişafı, təhsil infrastrukturunun getdikcə yenilənməsi buna əsas verə bilər.

Sual: Məktəbdən yayınma hallarının qarşısı necə alınır?

Cavab: Təhsildən yayınma hallarının qarşısının alınmasında valideynlərlə aparılan işlər, xüsusilə maariflləndirmə tədbirləri mühüm yer tutur. Zərurət yarandıqda aidiyyəti təşkilatların köməyinə müraciət olunur.

Sual: 12 illik təhsil sisteminə keçidlə əlaqədar hansı yeniliklər var?

Cavab: 12 illik ümumi təhsilə keçidlə bağlı icra mexanizmlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılır.